-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Sentyabrın 20-də Xankəndidə Şəhər Günü münasibətilə Konqres Mərkəzində “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi keçirilir. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.
Açılışda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, dövlət rəsmiləri, mədəniyyət xadimləri və doğma yurda qayıdan sakinlər iştirak ediblər.
Sərginin məqsədi Qarabağın işğaldan azad olunmuş ərazilərinin təbii gözəlliklərini, tarixi-mədəni irsini, bərpa və quruculuq proseslərini peşəkar fotoqrafların gözü ilə ictimaiyyətə təqdim etməkdir.
Ekspozisiyada Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov, Alp Ar Tunqa Cabbarlı və digər fotoqrafların əsərləri nümayiş olunur. Fotoqrafların hər biri öz fərdi üslubu ilə Qarabağın ruhunu, qədim abidələrimizin zənginliyini və müasir inkişafın dinamikasını işıqlandırır.
“Qarabağ – obyektivdən tarixə” sərgisi Qarabağın bu günü və gələcək perspektivləri barədə ictimaiyyətə vizual təsəvvür yaratmaqla yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunması istiqamətində maarifləndirmə missiyası daşıyır.
Xatırladaq ki, 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.