• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

"Qara qızılın cizgiləri": canlandırılmış fotolar və canlı rəsm İçərişəhərdə

Neftçilər Günü münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, ART Zone Azərbaycan Fotoqrafları Birliyinin (AFB) birgə təşkilatçılığı ilə İçərişəhərdə  xüsusi tədbir keçiriləcək.

Tədbir çərçivəsində incəsənət və fotoqrafiya birləşərək tamaşaçılara unudulmaz anlar bəxş edəcək. Rəssamlar canlı olaraq neftçilərin zəhmətini və qəhrəmanlıq dolu həyatını əks etdirən rəsmlər çəkəcəklər. Bununla yanaşı, Azərbaycan Fotoqrafları Birliyinin arxivindən seçilmiş və XX əsrin əvvəllərinə aid olan nadir fotolar əsasında hazırlanmış "Qara qızılın cizgiləri" film nümayiş olunacaq.

Filmin əsas özəlliyi ondadır ki, tarixi fotolar süni intellekt texnologiyaları vasitəsilə canlandırılıb. Bu, tamaşaçılara yüz il əvvəlin ab-havasını fərqli bir prizmadan hiss etməyə və o dövrün insanlarını “canlı” halda görməyə imkan yaradacaq. Sözügedən layihə Azərbaycan vizual incəsənətində yeni yanaşma kimi qiymətləndirilir və onun böyük maraq doğurması gözlənilir.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman tədbirlə bağlı bildirib:
Bizim üçün əsas məqsəd yalnız foto arxivimizi paylaşmaq deyil, həm də bu nadir kadrları müasir texnologiyalarla yeni bir həyat verməkdir. Düşünürük ki, bu layihə vasitəsilə həm neftçilərin tarixi əməyini yad edirik, həm də vizual incəsənətin gələcək imkanlarını nümayiş etdiririk.

Tədbir ictimaiyyət üçün açıqdır və giriş tamamilə pulsuzdur. İncəsənətsevərlər, fotoqrafiya həvəskarları və Azərbaycan neft tarixinin zəngin səhifələrinə maraq göstərən hər kəs dəvətlidir.

Ünvan: İçərişəhər, Qız Qalasının arxası