• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Milli Azərbaycan Tarixi Muzeyində “Köhnə Bakı açıqcalarda” sərgisi açıldı

Sentyabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyində “Köhnə Bakı açıqcalarda” adlı sərginin açılışı keçirilib.

AZƏRTAC-ın məlumatına görə, sərgi Milli Azərbaycan Tarixi MuzeyiAzərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə baş tutub və 15 sentyabr – Bakının azad olunması gününə həsr edilib. Layihənin kuratoru Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğludur.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək bildirib ki, sərgidə muzeyin Sənədli Mənbələr fondunda qorunan və XIX–XX əsrləri əhatə edən 74 orijinal açıqca ilk dəfə ictimaiyyətə təqdim olunur. Bununla yanaşı, şəxsi kolleksiyalardan toplanmış açıqcalarda Bakının dənizkənarı sahili və unikal memarlıq nümunələri əksini tapıb.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman çıxışında vurğulayıb ki, nümayiş olunan orijinal açıqcalar bir şəhərin yaddaş kitabıdır:
“Hər bir açıqca dövrün insanlarının baxışlarını, həyat tərzini, sevinclərini və iztirablarını bizə çatdırır. Bu təsvirlərdə biz təkcə küçə və binaları deyil, həm də Bakının ruhunu və dövrün nəfəsini görürük.”

Sərgi çərçivəsində tamaşaçılar həmin dövr Bakısının mənzərələri, şəhər sakinlərinin məşğuliyyətləri və paytaxtın köhnə görünüşlərini əks etdirən təsvirlərlə tanış olacaqlar. Ekspozisiyada, həmçinin, azərbaycanlı fotoqraf Əzizbala Hacıyevin (1895–1973) “Kodak Monopol” fotokamerası, XX əsrin əvvəllərində istehsal olunmuş stereo eynək və muzeyin kitabxanasında qorunan Bakı haqqında nadir nəşrlər də sərgilənir.

Qeyd edək ki, sərgi 10 gün davam edəcək. Ziyarətçilər üçün açıqcalar haqqında virtual məlumat platforması da hazırlanıb.