-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
2025-ci il 25 noyabr tarixində, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis olunmuş Kəlbəcər Şəhəri Günü qeyd edilib. Bu gün, işğaldan azad olunduqdan sonra şəhərdə keçirilən ilk Şəhər Günü kimi xüsusi əhəmiyyət daşıyır. Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, eləcə də Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə baş tutub.
Şəhər Gününün qeyd olunması Kəlbəcərin zəngin mədəni irsinin təqdim edilməsi baxımından mühüm önəm daşımaqla yanaşı, illərlə həsrət qaldıqları doğma yurdun yenidən canlandığını görən və torpaqlarına qayıdan sakinlər üçün həm rəmzi, həm də dərin mənəvi məna kəsb edir.
Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Uşaqlar üçün təqdim olunan mədəni proqram və Gəncə Dövlət Dram Teatrının “Tıq-tıq xanım” tamaşası balacaların böyük marağına səbəb olaraq tədbirə xüsusi rəng qatıb.
Şəhər ərazisində qurulan sərgi zonasında “Kəlbəcərin palitrası” adlı rəsm sərgisi, rəssamların iştirakı ilə ustad dərsləri, həmçinin bölgənin qədim aşıq sənətini yaşadan aşıqların təqdimatları ziyarətçilərə təqdim olunub.
Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə təqdim olunan “Kəlbəcər – obyektivdən tarixə” fotosərgisi tədbirin ən çox diqqət çəkən hissələrindən biri olub. Sərgidə müxtəlif fotoqrafların yaratdığı kadrlarda Kəlbəcərin keçmişi, bu günkü dinamik inkişafı və bənzərsiz təbiəti sənədli dəqiqlik və bədii yanaşma ilə əks olunub.
Ekspozisiyada həm arxiv xarakterli fotolar, həm də müasir dövrdə çəkilmiş yeni vizual materiallar yer alaraq Kəlbəcərin tarixi yaddaşını və yenidən doğuluşunu bir bütün kimi təqdim edib. Sərgidə əsərləri nümayiş olunan fotoqraflar: İlqar Cəfərov, Amira Süleyman, Mirnaib Həsənoğlu, Kamran Əsədov, Xalid Əsgərov, Zamin Cəfərov, Tapdıq Abdullayev, Mahir Qəhrəmanov, Elnur Babayev, Asim Talıb, Hüseyn Hüseynzadə, Rüfət Quliyev, Alp Ar Tunga Cabbarlı və Fərqanə Qasımlı.
Tədbirdə ictimai-siyasi xadimlər, Kəlbəcər ziyalıları, hərbiçilər və mədəniyyət nümayəndələri iştirak edərək rayonun yenidən formalaşan ictimai-mədəni həyatına həmrəylik və dəstək nümayiş etdiriblər.
Bayram çərçivəsində fəaliyyət göstərən qida və istirahət guşəsində ziyarətçilərə Kəlbəcərin milli təamları, bölgənin dağ bitkilərindən dəmlənmiş çayları və keyfiyyəti ilə seçilən Kəlbəcər balı təqdim olunub.
Tədbir möhtəşəm atəşfəşanlıq və müasir lazer şousu ilə başa çataraq bayrama xüsusi təntənə bəxş edib.
Tədbirin gələcək illərdə də ənənəvi təşkili nəzərdə tutulur.
