• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Gəncədə “Əsrlərin şahidi Gəncə” adlı unikal fotosərgi keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin, “Bakı Abadlıq Xidməti” MMC-nin, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə şəhərdə xüsusi mədəniyyət tədbiri – “Əsrlərin şahidi Gəncə” adlı fotosərgi baş tutub.

Filarmoniyanın Urban Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, “Bakı Abadlıq Xidməti” MMC rəhbərliyinin nümayəndələri, AFB təsisçisi Mirnaib Həsənoğlu, Birliyin sədri Amira Süleyman, həmçinin elm, mədəniyyət xadimləri və ictimaiyyət iştirak ediblər.

Çıxışında Niyazi Bayramov qeyd edib ki, şəhər tarixində ilk dəfə Gəncə III MDB Oyunlarına ev sahibliyi edir. 28 sentyabrda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə oyunların və Gəncə Şəhər Stadionunun möhtəşəm açılışı baş tutub. Paralel olaraq geniş abadlıq və bərpa işləri aparılıb, şəhər müasir görkəmə qovuşub. Bu işlərin mühüm hissəsi sərginin təşkilatçılarından biri olan “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilib. Şəhər rəhbəri bildirib ki, sərgidə nümayiş olunan fotolarda da məhz son dövrdə dəyişən Gəncəni görmək mümkündür.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman sərginin mahiyyətini vurğulayaraq qeyd edib: “Fotoqrafiya həm yaddaşdır, həm tarixdir. Burada Gəncənin keçmişi və bu günü yanaşı təqdim olunur, şəhərin dəyişən siması öz əksini tapır. Məqsəd bu zəngin irsi gələcək nəsillərə çatdırmaqdır.”

Fotosərgidə Məşədi Abbasəli Abbasov, Aminat Koxayeva, Amira Süleyman, Asif Mustafazadə, Elşad Aydınoğlu, Fərid Məmmədov, Ravil Qasımov, Teymur Məmmədov, Mirnaib Həsənoğlu kimi fotoqrafların əsərləri nümayiş olunurdu .

O, həmçinin sərgi ilə yanaşı “Visit Gəncə” adlı yeni layihənin təqdim edildiyini diqqətə çatdırıb. Layihə çərçivəsində şəhərin turizm potensialı artırılacaq, yeni marşrutlar hazırlanacaq, kataloq və xəritələr nəşr olunacaq.

Tədbirdə çıxış edən digər natiqlər – Emin Məmmədov, Mirnaib Həsənoğlu, Gəncə–Daşkəsən Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev və dosent Əlimuxtar Muxtarov da sərginin şəhərin tarixi yaddaşı və mədəni irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Daha sonra “Gəncə tarixinin cizgiləri” filmi nümayiş olunub. Film köhnə fotolara yeni həyat verərək müasir texnologiyalar vasitəsilə şəhərin keçmişini canlandırır və mədəni irsi tamaşaçılara fərqli prizmadan təqdim edir.

Sərgidə Gəncənin müxtəlif dövrlərinə aid fotoşəkillər nümayiş etdirilib. Ekspozisiya şəhərin tarixi simasını, urbanistik inkişafını və abadlıq proseslərini əks etdirərək, tamaşaçılara həm nostalji hisslər, həm də müasir inkişaf mənzərəsini yaşadıb.

Tədbirin ən diqqətçəkən hissələrindən biri isə Azərbaycanın ilk fotoqrafı – XIX əsrin sonu, XX əsrin əvvəllərində Gəncədə fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasovun yaradıcılığının təqdimatı olub. Onun orijinal fotoları ilk dəfə geniş ictimaiyyətin diqqətinə çatdırılıb.