• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Əsrlərin şahidi Gəncə” – Foto sərgi və film nümayişi

30 sentyabr 2025-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Bakı Abadlıq” Xidməti və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə Gəncə şəhərində unikal bir mədəniyyət tədbiri – “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi keçiriləcək. Tədbir Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində baş tutacaq və şəhərin tarixi keçmişini, köhnə və yeni fotolar vasitəsilə zamanın izlərini əks etdirəcək.

Sərgidə Gəncənin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri nümayiş olunacaq. Eksponatlar şəhərin tarixi simasını, urbanistik inkişafını və abadlaşdırma proseslərini sənədli kadrlarla təqdim edəcək. Keçmişin köhnə foto yaddaşından bu günün modern şəhər görüntülərinə qədər uzanan ekspozisiya tamaşaçılara həm nostalji duyğular bəxş edəcək, həm də şəhərin bugünkü inkişaf yolunu gözlər önünə sərgiləyəcək.

Bu sərgidə ilk dəfə olaraq Azərbaycanın ilk fotoqrafı, 1880–1910-cu illərdə Gəncədə fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasovun yaradıcılığı da geniş ictimaiyyətə təqdim olunacaq. Abbasovun XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edən orijinal fotoları tamaşaçılara  nümayiş olunacaq.

Sərgi çərçivəsində tamaşaçılar üçün xüsusi olaraq “Gəncə tarixinin cizgiləri” adlı film də nümayiş olunacaq. Film qədim fotolara yeni həyat verərək, şəhərin keçmişini müasir vizual texnologiyalar vasitəsilə canlandırır və Gəncənin zəngin mədəni irsini daha dərindən tanıtmağı hədəfləyir.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman tədbirlə bağlı bildirib:

“Fotoqrafiya həm yaddaş, həm də tarixdir. Bu sərgidə biz Gəncənin keçmişini və bu gününü yanaşı görməklə, şəhərin necə dəyişdiyini hiss edirik. Məqsədimiz Gəncənin zəngin irsini və Azərbaycanın ilk fotoqraflarının yaradıcılığını foto sənəti vasitəsilə gələcək nəsillərə ötürməkdir.”

Ünvan: Gəncə şəhəri, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzi

Tarix: 30 sentyabr 2025-ci il