-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
İşğaldan azad olunmuş Cəbrayıl şəhərində Şəhər Günü münasibətilə müxtəlif tədbirlər təşkil olunub. Artıq ikinci ildir ki, Cəbrayıl sakinləri bu əlamətdar günü öz doğma torpaqlarında, bayram əhvali-ruhiyyəsi ilə qeyd edirlər.
Tədbir çərçivəsində Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi təqdim olunub. Sərgidə Qarabağ mövzusuna, Azərbaycan Silahlı Qüvvələrinin şücaətinə və Cəbrayıl şəhərinin bərpasına həsr olunmuş fotolar nümayiş etdirilib.
Bayram proqramı şəhərin balaca sakinləri üçün təşkil edilən “face art” və interaktiv əyləncəli oyunlarla davam edib. Günün sonunda incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunaraq tədbir iştirakçılarına xoş ovqat bəxş edilib.
Şəhər Günündə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, eləcə də şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 4-də işğaldan azad edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, bu tarix Cəbrayıl Şəhəri Günü kimi təsis olunub və hər il təntənəli şəkildə qeyd edilir.