• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

"Bakı: Obyektivdə Zaman və Memarlıq" layihəsi çərçivəsində fotomüsabiqə yekunlaşdı

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən "Bakı: Obyektivdə Zaman və Memarlıq" məktəblilərarası mobiloqrafiya layihəsi uğurla davam edərək növbəti mərhələsini də tamamladı. Layihə çərçivəsində təşkil olunan fototəlimdən sonra elan edilən fotomüsabiqə yekunlaşıb, qaliblər müəyyən edilib.

Peşəkar fotoqraf Fərhad Sultanov tərəfindən keçirilən təlim zamanı iştirakçılar mobiloqrafiyanın əsasları, işıqla işləmə texnikaları, kompozisiya və kadr quruluşu kimi vacib mövzular üzrə biliklər əldə etmiş, eyni zamanda praktiki tapşırıqlar əsasında öz bacarıqlarını sınamaq imkanı qazanmışdılar. Məhz bu tapşırıqlar əsasında çəkilmiş fotolar müsabiqəyə təqdim olunaraq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən fərqlənən iştirakçılar qalib elan olunub, onlara mükafat və sertifikatlar təqdim edilib. Eyni zamanda, layihənin həyata keçirilməsində və müsabiqənin təşkilində göstərdiyi peşəkar dəstəyə görə Azərbaycan Fotoqrafları Birliyinə Təşəkkürnamə təqdim olunub. Bu, Birliyin foto sənətinin inkişafına verdiyi davamlı töhfənin və gənc istedadların üzə çıxarılmasında oynadığı rolun növbəti təsdiqidir.

Layihə Kaspi Liseyi Ağ Şəhər, Azərbaycan Fotoqrafları Birliyi (AFB), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Xətai rayon sektoruXətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, müsabiqə çərçivəsində seçilən ən yaxşı fotoların yaxın zamanda təşkil olunacaq sərgidə nümayişi nəzərdə tutulur. Layihə bir daha sübut etdi ki, gənc nəslin fotoqrafiyaya marağı yüksəkdir və düzgün istiqamətləndirildikdə onlar şəhərin memarlığını və ruhunu özünəməxsus baxış bucağından təqdim edə bilirlər.