-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Oktyabrın 31-dən noyabrın 16-dək Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF -Baku International Arts Festival) keçirilib.
Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi baş tutub. Açılış konsertində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib.
1 və 2 noyabr tarixlərində festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində “Cirque du Soleil”, Olimpiya mərasimləri və aparıcı beynəlxalq teatrlar üçün quruluşların müəllifi, əfsanəvi rejissor Daniele Finzi Paskanın “TITIZÉ - A Venetian Dream” tamaşası nümayiş etdirilib.
“Commedia dell’Arte” ənənələrini və əks-sədalarını səhnə avadanlığı da daxil olmaqla, valehedici kombinasiyalardakı innovasiya ilə birləşdirən şouda 46 ölkəyə qastrol səfəri edən məşhur “Compagnia Finzi Pasca”dan 10 müxtəlif janrlı aktyor, akrobat və musiqiçi iştirak edib.
Eyni zamanda Dövlət Akademik Milli Dram Teatrında Festival çərçivəsində yeni quruluşda - artıq müasir xoreoqrafiyanın salnaməsinə çevrilmiş "Delay the Sadness" tamaşasının nümayişi keçirilib.
Delay the Sadness" - Şaron Eyal və onun şirkəti S-E-D (Qai Behar ilə birlikdə) tərəfindən hisslər arasındakı daxili fasilənin tədqiqi kimi yaradılmış yeni, dərin emosional əsərdir. Bu quruluş adət etdiyimiz hekayəni danışmır, əksinə, gərginlik, intizar və emosiyalar - sevgi, itki, arzu, müqavimətin qarşıdurması üçün məkan yaradır.
7 noyabr tarixində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində tanınmış skripkaçı və dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə həm yerli ulduzlar, həm də müxtəlif ölkələrdən gəlmiş istedadlı ifaçılar çıxış etdilər. Onların arasında - dörd yaşından ifaya başlayan və hazırda İspaniyada yaşayan skripkaçı Liana Qurdciya, Azərbaycan Respublikasının Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və hazırda Almaniyada təhsil alan gənc musiqiçi Yaponiyalı skripkaçı Ayaka Uçio, eləcə də Azərbaycanın gənc skripka məktəbinin ən parlaq nümayəndələrindən biri Nəzrin Aslanlı yer alırdı.
Bundan başqa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Hamlet - Danimarka Şahzadəsi" (Hamlet -Prince of Denmark) xoreoqrafik tamaşası nümayiş etdirilib. Əfsanəvi rejissor Rober Lepajın (Robert Lepage), Kanadanın mədəniyyət şirkəti "EX Machina" və məşhur xoreoqraf-rəqqas Qiyyom Kotenin(Qiyyom Kote) Côté Danse truppasının birgə layihəsi olan tamaşanın təqdimati 8 və 9 noyabr tarixlərində Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.
Klassik teatrı, müasir xoreoqrafiyanı və mürəkkəb vizual effektləri birləşdirən məşhur Şekspir
faciəsinin bu plastik təsviri klassik dramı yenidən canlandırıb tamaşaçıları qəhrəmanların
mürəkkəb, ziddiyyətli dünyasına, həmçinin səhnə dekorasiyası şam işığında yaradılan Elsinor qəsrinin atmosferini xatırlatmaqla yanaşı, tamaşaçını orta əsrlərin ab-havasına qərq edir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrətli “Geşer” teatrının (İsrail) Fransanın Les Gemeaux teatrı ilə birgə iki il əvvəl yaratdığı, “Anna Karenina” tamaşası noyabrın 14-də böyük uğurla nümayiş etdirildi. 2024-cü il 6 mart tarixində vəfat edən əfsanəvi litvalı rejissor Rimas Tuminasa məxsus bu tamaşa Bakı İncəsənət Festivalı (BIAF 2025)çərçivəsində təqdim olundu.
Tamaşa tam dolu zalda baş tutdu və festivalın mədəni proqramının əsas hadisələrindən birinə çevrildi. İzləyicilər Lev Tolstoyun klassik romanının dərin və qeyri-adi yozumunun şahidi oldular. Tuminasa məxsus müəllif dəst-xətti — özünəməxsus qroteskin zərif psixologizm ilə qovuşması əsərə güclü, çağdaş və müasir nəfəs verdi.
15 və 16 noyabr tarixlərində məşhur "Yang Liping Contemporary Dance" (Çin) qrupunun "Bahar ayini" adlı xoreoqrafik tamaşası böyük uğurla təqdim edildi. Tamaşa kişi və qadın başlanğıclarının qarşılıqlı təsiri, eləcə də təbiətin dövrülüyü ideyası vasitəsilə araşdırılan qurban və yenidən doğuluş mövzusuna əsaslanır. Baş qəhrəman Çin mədəniyyətinin ənənəvi təsəvvürlərində dərindən kök salmış motiv - yeni başlanğıca həyat vermək üçün könüllü olaraq özünü qurban verir. Tamaşa sənətin incə sintezidir: müasir xoreoqrafiya və ənənəvi rəqsin elementləri orijinal musiqi palitrası ilə birləşir. Stravinskinin partiturası bəstəkar He Syuntyanın aranjimanında Tibet intonasiyaları ilə zənginləşdirilib ki, bu da mistik və ritual atmosferi daha da gücləndirir. Tamaşanın vizual obrazı rəssam Tim Yip ("Əyilən Pələng, Gizlənən Əjdaha"), işıqlandırma dizayneri Fabian Piççoli və video rəssam Tobias Qremmlerdən ibarət beynəlxalq yaradıcı heyət tərəfindən yaradılıb.
16.11.2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) bağlanış mərasimi keçirilib.
Gecədə dünyaşöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski çıxış edib. Pianoda professor Fərhad Bədəlbəyli ifa edib.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinə Murtuza Bülbül, Bakı Dövlət Kamera Orkestrinə isə Fuad İbrahimov dirijorluq edib.
Fotolar: Nadejda Cavad
