-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Fotoqrafları Birliyinin rəsmi yaranma tarixindən 27 il keçir. Lakin bu yol əslində daha əvvəl – 1993-cü ildən başlanır. Həmin vaxt Rəfael Qəmbərov fotoqrafları və fotosevərləri öz emalatxanasına toplayır, birlik yaratmaq ideyası ətrafında bir araya gətirirdi. Kimlərsə böyük həvəslə qatılırdı, kimlərsə isə sadəcə münasibət pozulmasın deyə gəlirdi.
1990-cı illərə qədər Bakıda fəaliyyət göstərən bir fotoklub var idi və onun son sədri Sənan Ələsgərov olmuşdu. “Yenidənqurma” adı ilə başlayan proseslər əslində çox sahədə dağılma ilə nəticələnmiş, bir çox sovet qurumları yalnız kağız üzərində mövcudluğunu davam etdirirdi. “Sovet mədəniyyəti” anlayışı artıq aradan qalxır, “Azərbaycan incəsənəti” ifadəsi daha tez-tez işlədilməyə başlayırdı.
Fotoqraflar Zərgərpalan küçəsindəki kiçik bir zirzəmidə toplaşır, müzakirələr aparırdılar. İnternetsiz dövrdə canlı ünsiyyət, tanışlıq və fikir mübadiləsi üçün bu toplantılar əvəzsiz idi. Azərbaycan fotoqrafiyasının gənc və yaşlı nəsli bir masa arxasında oturur, təcrübə mübadiləsi aparırdı. Bir tərəfdən sovet məktəbinin çoxlu fotoqrafları ölkədən köçüb gedir, digər tərəfdən Azərbaycan fotoqrafiyası getdikcə daha çox milli xarakter qazanırdı.
Əslində foto birliyinin yaradılması arzusu Bakıda hələ 1890-cı ildə ortaya çıxmış, dörd ildən sonra – 1894-cü ildə Rusiya imperiyasının Daxili İşlər Nazirliyi tərəfindən rəsmən qeydiyyata alınmışdı. Bu işin ağırlığını Aleksandr Mişon öz üzərinə götürmüşdü.
1994-cü ildə yenidən təşəbbüs irəli sürən Rəfael Qəmbərov Fransada foto sərgi keçirmək ideyası ilə fotoqrafları bir araya topladı. Fikir ayrılıqları olsa da, proses davam etdi. Fransadan kurator dəvət olundu, 100 fotodan ibarət sərgi üçün seçmələr aparıldı. Türkiyədən 50x60 sm ölçüdə İlford multigrade fotokağızları gətirildi (bu işi Fərid Əşrəfoğlu təşkil etmişdi), maliyyə məsələsini isə Rəfael Qəmbərov öz qohumunun dəstəyi ilə həll etmişdi. Çap işləri həmin dövrdə Azərtacda laboratorant çalışan Məhbubə xanım tərəfindən həyata keçirildi.
Nəhayət, 1995-ci ilin 24 noyabrında Nant kino festivalında “Azərbaycan fotoqrafları” adlı sərgi baş tutdu. Sərgidə Səmayə Axundzadə (Mircavadın qızı), Sənan Ələsgərov, Xalid Əsgərov, Əli Seyran Babayev, Kamal Babayev, Fərman Bağırov, İlqar Cəfərov, Mirnaib Həsənoğlu, Rəfael Qəmbərov, Rəfael Hüseynov, Cahangir İbadov, Tofiq Kərimov, Anatoli Xmelnitski, Fərid Əşrəfoğlu, Namiq Məmmədov, Şahin Sərkərov, Asim Talıb və Rauf Umudun fotoları nümayiş olundu.
1899-cu ildə Bakıda Aleksandr Mişonun “Qafqaz və Orta Asiya fotolarda və xülasələrdə” adlı fotojurnalını çap etməsi ilə foto dərnəyinin fəaliyyəti davam etmişdi. 1908-ci ilə qədər Bakı Fotoqrafiya Dərnəyi mövcud olmuş, lakin Mişonun siyasi təqiblər səbəbindən Bakıdan köçməsi ilə dərnək bağlanmışdı.
1990-cı illərin ortalarında fotoqrafların sayının artması ilə toplantılar hər bazar günü davamlı şəkildə keçirilməyə başladı. Fotolent almaq çətin olsa da, fotoqraflar öz aparatlarını götürüb zirzəmədəki bu görüşlərə qatılırdılar. Birlik yaratmaq məsələsi gündəmə gəldikdə müzakirələr və fikir ayrılıqları yenə oldu — kimisi “ittifaq” sözünü sovet qalığı sayırdı, kimisi ümumiyyətlə belə bir quruma ehtiyac görmürdü.
Nəhayət, təsisçi kimi Rəfael Qəmbərov, Asim Talıb, Namiq Məmmədov və Mirnaib Həsənoğlu bu işə başladı. Rəfael Qəmbərovun Milli Məclisdə fotoqraf kimi fəaliyyət göstərməsi hüquqi məsələlərin həllində də böyük rol oynadı.
Və nəhayət — 1998-ci il 20 noyabr tarixində Azərbaycan Fotoqrafları Birliyi rəsmi olaraq qeydiyyatdan keçdi. Bu tarix ölkəmizdə fotoqrafiya sənətinin yeni bir mərhələsinin başlanğıcı oldu.
Mirnaib Həsənoğlu
