-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
"Mən Buradayam - I Am Here"
Kollektiv fotosərgi
Bakı Fotoqrafya Evi (Böyük Qala, 42, İçərişəhər)
24 oktyabr 2025-ci il, 16.00
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Buradayam – I Am Here” adlı sərgi Azərbaycan Fotoqrafları Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gəncə, Quba, Şuşa və digər şəhərlərə etdikləri səyahətlərin vizual hekayələrini əks etdirir. Bu fotolar həm ölkəmizin möhtəşəm təbiətini, tarixi-mədəni irsini, həm də gündəlik həyat mənzərələrini təqdim edir. Eyni zamanda tələbə və məzunlar bu əsərlər vasitəsilə öz təəssüratlarını, münasibətlərini və fərdi hiss dünyalarını bölüşürlər.
Sərginin əsas məqsədi tələbələrin mədəni inteqrasiyasını təşviq etmək, onların yeni mühitdə özlərini rahat və doğma hiss etmələrinə şərait yaratmaq, eləcə də universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarını vurğulamaqdır. Bu təşəbbüs gənclərə özlərini, dünyagörüşlərini, gözləntilərini və perspektivlərini ifadə etmək üçün unikal bir imkan təqdim edir.
Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin fotoəsərləri nümayiş olunur. Ümumi konseptlə yanaşı, iştirakçıların hər biri mövzuya öz fərdi baxış bucağını gətirib və onu fotonun vizual dili vasitəsilə təqdim edib.
İştirakçılar:
Asude Yılmaz Mehmet (Türkiyə, Teatr Sənəti fakültəsi, bakalavr, 1-ci tədris ili) - Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrini, şəhərin geçə işıqlarını vurğulayır və onları təbiət mənzərələri ilə qarşılaşdırır.
Ayzada Seytibaeva (Özbəkistan Rəssamlıq fakültəsi, magistr, 1-ci tədris ili) - geyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştrak edir. Fotolarda Ayzadə Qarabağla əlaqəli xatirələri ilə bölüşür.
Wasif Bilguis Ahmed (Pakistan, Audio-vizual sənətlər fakültəsi, magistr, 1-ci tədris ili) - Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.
Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakültəsi, magistr, məzun) - məzun olsa da, ADMİU ilə daim əlaqədədir. Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranmışdır. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölgə effektləri dərin fəlsəfi yanaşmanı əks edir.