-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
İtaliyanın Kassino şəhərində Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin üzvü Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi sərgisi açılıb. Sərgi SƏN1SƏN mərkəzinin təşkil etdiyi Azərbaycan Mədəniyyəti Həftəsi çərçivəsində Palazzo Mandrilli qalereyasında reallaşıb.
Ekspozisiyada nümayiş olunan 50-dən çox foto Azərbaycanın təbiət gözəlliyini bütün zənginliyi ilə əks etdirir. Aydın Mehdiyev çəkdiyi kadrlarla yalnız vizual təsvirlə kifayətlənməyib, rənglərin emosional gücünü ön plana çıxarıb. Onun işlərində rəng çalarları bir-birini tamamlayaraq bütöv tablolar yaradır. Bir çox fotoda fiqur və fon arasında sərhəd hiss olunmur, boşluq duyulmur – hər kadr bütöv bir dekorativ pano kimi görünür. İşıq və rənglərin kontrast üzərində qurulan ahəngi tamaşaçıya canlı orqanizm təəssüratı bəxş edir.
Aydın Mehdiyev təkcə fotoqraf kimi deyil, həm də elm adamı və ictimai xadim kimi tanınır. O, texnika elmləri doktoru, gömrük xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mexanika” kafedrasının professorudur. 2025-ci ilin aprelində Beynəlxalq Fotoqraf-Rəssamlar Assosiasiyası (IAAP) tərəfindən “Titan” fəxri adına layiq görülüb.
AZƏRTAC-a müsahibəsində fotoqraf sərginin italyan tamaşaçıları tərəfindən maraqla qarşılandığını bildirib:
“Ziyarətçilər əsərləri çox maraqlı hesab etdilər. Qonaqlar arasında təkcə italiyalılar deyil, digər millətlərin nümayəndələri də vardı. Xüsusilə, İtaliyada yaşayan türklər sərgi haqqında xəbər tutaraq gəldilər. Açılışda Kassino şəhərinin meri və UNESCO nümayəndələri iştirak edirdilər. Onlar da Azərbaycan tərəfi ilə gələcək layihələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını söylədilər. Mən bu sərgi ilə göstərmək istədim ki, Azərbaycan heç bir sahədə, xüsusilə də mədəniyyət sahəsində Avropa ölkələrindən geri qalmır. Biz əməkdaşlığa açığıq, amma bərabər şərtlərlə. Və bu əməkdaşlıq hər kəs üçün faydalı olacaq”, – deyə Aydın Mehdiyev qeyd edib.
Sərgi üç gün davam edəcək.